Ukrayna lideri Volodimir Zelenski etiraf kimi açıqlama verib.
Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, ölkənin şərqindəki Baxmut şəhərində vəziyyət günü-gündən pisləşir.
“Düşmənlərimiz ordumuza müdafiə mövqeyi tutmağa imkan verəcək hər şeyi məhv edir. Şəhərin müdafiəsinə hələ də müqavimət göstərən əsgərlər qəhrəmandır”, - Ukrayna lideri deyib.
6 aydır Rusiya ordusunun hücumuna məruz qalan Baxmut Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən şiddətli qarşıdurmalara səhnə olub.
Xarici media yazır ki, Rusiya hər keçən gün bu sənaye şəhərini ələ keçirməyə bir addım da yaxınlaşır.
Qondarma Donetsk Xalq Respublikasının separatçı lideri Denis Puşilin deyib ki, şəhərə gedən bütün yollar faktiki olaraq Rusiyanın nəzarəti altındadır.
Zelenski qarşılaşdıqları bu çətin vəziyyətdən çıxmaq üçün Qərbdən növbəti dəfə döyüş təyyarələri tələb edib.
Digər tərəfdən, ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə Rusiyaya silah satmamaq barədə xəbərdarlıq edib. Kiyevə gözlənilməz səfər edən Yellen Ukraynaya 1,25 milyard dollarlıq yeni maliyyə yardımı edəcəklərini açıqlayıb.
Yellen əlavə edib ki, sanksiyalar hələ Rusiya iqtisadiyyatına təsir göstərməyib, onların uzunmüddətli perspektivdə daha dağıdıcı təsirləri olacaq. O, həmçinin bildirib ki, Rusiyanın arsenallarını artırmaq imkanları da məhduddur.
Musavat.com