• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

 İlham Əzimov: "Xocalı həqiqətlərini bütün dünyanın diqqətinə çatdırmağa davam edəcəyik"

  • 28.02.2023, 14:36,
  • Siyasət
  • Baxılıb: 10

 

Hər kəsə məlumdur ki, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Yəni, soyqırımı cinayəti üçün bu xüsusi niyyətin olması zəruri element sayılır və məhz bu əlamət onu digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Çox təəssüf ki, xalqımız da bu qanlı cinayətdən ən çox əziyyət çəkən dünya xalqlarından biridir. Çünki XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoymuşdur. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib və ən son belə kütləvi qırğın tariximizə Xocalı faciəsi kimi həkk olunub.

Qeyd edək ki, bu dəhşətli cinayət nəticəsində 613 dinc sakin etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Bu qanlı hadisədə əsir götürülmüş 150 şəxsin taleyi hələ də məlum deyil. Tarixi abidələri, mədəniyyəti ilə fərqlənən, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında işğal nəticəsində xarabalığa çevrilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş cinayətlər öz xarakteri və ağırlığına görə BMT Baş Assambleyasının Konvensiyası ilə müəyyən edilmiş soyqırımı anlayışına tamamilə uyğun gəlir. Həmin gün erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Xilas olmağa can atan, əli silahsız, düşmənə müqavimət göstərmək iqtidarında olmayan, hərbi statusu olmayan mülki əhalinin, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırımı niyyətini sübut edir və məhz azərbaycanlı milli mənsubiyyətinə yönəlmiş olduğunu təsdiqləyir. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya və Ruanda üzrə Nizamnamələri də Xocalı qətliamına “soyqırımı” kimi qiymət verilməsinə tam əsas verir. Xocalı faciəsinə hüquqi qiymət vermək üçün hadisə yerində olmuş xarici və yerli jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları və lentə aldıqları kadrlar, eləcə də erməni siyasi xadimlərinin hadisə ilə bağlı səsləndirdiyi fikirlər bu dəhşətli cinayətin sübutudur. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməmiş və hadisəyə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməyib.

Xüsusilə qeyd edilməlidir ki, Xocalı soyqırımının dövlət səviyyəsində tanınması və ona hüquqi qiymət verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümumiyyətlə, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Nəticədə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb və həmin fərmanda 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı aktı da xüsusilə vurğulanıb.

Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanın hər bir siyasi-ictimai xadiminin Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Faciənin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir. Hər il xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılmış “Xocalıya ədalət!” kampaniyasının əvəzolunmaz əhəmiyyətini də mütləq qeyd etməliyik. Bu qətiyyətli siyasi mübarizənin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə və beynəlxalq təşkilatlarda qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Qırx günlük Vətən müharibəsində şanlı Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi və bu torpaqlara xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, digər xarici qonaqların səfərlərinin təşkil edilməsi və bununla da erməni vəhşiliyinin dünyaya çatdırılması bizim üçün Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi işində yeni imkanlar açmışdır. Bu gün də çoxsaylı dünya dövlətləri Xocalı soyqırımı ilə bağlı petisiyalar, bəyanatlar qəbul etməkdə və faciəni qətiyyətlə pisləməkdə davam edir. Prezident İlham Əliyevin dediyi kimi: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq”.

Ən əsası, ikinci Qarabağ müharibəsində tarixi Zəfərlə haqq-ədaləti bərpa edərək yeni reallıqları dünyaya qəbul etdirdiyimiz kimi, Xocalı həqiqətlərini də bütün dünyanın diqqətinə çatdırmağa davam edəcəyik.

 İlham Əzimov,

Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi, YAP Bərdə rayon təşkilatının üzvü.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER