zərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra əsas məqsədlərdən biri də Qarabağda yaşayan ermənilərin reinteqrasiyasını təşkil etməkdir. Dünən isə Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
“Görüş zamanı əsasən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının qarşısında duran maneələr və çağırışlar müzakirə olunub”, – deyə millət vəkili məlumat verib.
Sfera.az bildirir ki, Azərbaycan tərəfi hər zaman Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi barədə fikirlər səsləndirib.
Dövlətimiz dəfələrlə bunu müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazır olduğunu bəyan edib. Hadisələr onu göstərir ki, Ermənistan xalqının bir hissəsi bu prosesə hazırdır. Onlar özləri də bilirlər ki, bu vəziyyətdə yaşamaq asan deyil, yəni hüquqlarının olmaması, təhlükəsizliklərinin təmin edilməməsi Qarabağda yaşayan erməniləri həm də inkişafdan geri qoyur. Lakin Qarabağdan yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası həm də onların hüquq və azadlıqlarının müdafiəsi, hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması baxımından əhəmiyyətlidir.
Bununla bağlı fikirlərini bölüşən deputat Bəhruz Məhərrəmov deyib ki, hazırda proseslər məhz prezident İlham Əliyevin iradəsinə uyğun məcrada inkişaf edir:
“Artıq Ermənistan da, Qarabağdakı erməni əsilli vətəndaşlarımız da 2023-cü ilin son şans olduğunu dərk etməyə başlayır. Əlbəttə, güc sahibi kimi məcburetmə tədbirləri tətbiq etmək hüququmuzu həmişə özümüzdə saxlayırıq. Amma müzəffər lider İlham Əliyevin ilk qayəsi proseslərin mümkün qədər yumşaq keçidinin təmin olunmasıdır. İşinin peşakarı olan Ramin Məmmədovun da ona göstərilən yüksək etimada uyğun şəkildə məhz bu ali iradənin reallaşmasına öz layiqli töhfələrini verəcəyi şübhə doğurmur”.
Digər millət vəkili Ceyhun Məmmədov isə deyib ki, Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü ölkəmizin növbəti uğuru kimi qiymətləndirilməlidir:
“Məlum olduğu kimi, bir sıra region dövlətləri Qarabağda yaşayan ermənilərin re-inteqrasiyasının qarşısını almaq üçün müxtəlif layihələr hazırlamışdırlar. Düzdür, proses hələ tam yekunlaşmayıb. Ancaq bütün hallarda belə görüşlərin keçirilməsi çox önəmlidir. Çünki əvvəlki dövrdə həm Ermənistan tərəfi, həm də bir sıra dövlət və beynəlxalq təşkilatlar bu danışıqların Ermənistanla aparılmasında israr edirdilər. Hətta Qarabağa status da tələb edirdilər. Azərbaycan bu planı pozdu. Hazırkı mərhələdə bölgəyə ən qısa müddətdə sülhün gəlməsi çox önəmlidir. Ancaq biz yolun uzun və çətin olduğunu da unutmamalıyıq. Bütün hallarda dövlətimiz prezident İlham Əliyevin rəhbərliyi ilə öz məqsədlərinə doğru inamla addımlayır”.