Fransa məhkəməsi ilk dəfə olaraq sanksiyalar altında olan Rusiya oliqarxına məxsus daşınmaz əmlaka cinayət həbsi qoyulmasına icazə verib. Bu, həmin əmlakın müsadirəsi istiqamətində ilk addım ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.
Nəşrin məlumatlı mənbəsinin bildirdiyinə görə, Fransa prokurorluğu Fransanın cənub-şərqində, Sen-Jean-Cap-Ferrat kurortunda oliqarx Dmitri Raşnikova məxsus olduğu güman edilən villanın cinayət işi üzrə həbsinə nail olub. Rashnikov Rusiyanın ən böyük polad istehsalçılarından birinin rəhbəridir.
23 milyon avro dəyərində olan villa 2022-ci ilin oktyabrında Paris prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı milli yurisdiksiyanın hakimlərinin tələbi ilə həbs edilib.
Raşnikova məxsus olan üç mülk artıq 2022-ci il mart ayında sanksiyalara məruz qaldıqdan sonra Fransadakı Kot d'Azurda və Parisdə inzibati həbsə alınıb.
Lakin rusiyalı oliqarxın Saint-Jean-Cap-Ferratdakı villası Fransa hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətindən kənarda qalıb, çünki bu işlə tanış olan Le Monde mənbəsinin sözlərinə görə, “vergi orqanlarına onun mülkü kimi elan olunmayıb".
İddia olunur ki, Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Raşnikov villanı İsveçrə şirkətinə satıb. Villanın yeni sahibi də Rusiya Federasiyasının vətəndaşı olub.
Fransanın maliyyə kəşfiyyatının müvafiq bölməsi işi məhkəməyə verməzdən əvvəl dərhal villanın satışından əldə edilən pulu (rüsum və vergilər xaric) - 17 milyon avronu bloklayıb.
2022-ci ilin avqust ayına olan məlumata görə, Fransada Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla əlaqədar dondurulmuş Rusiya ilə bağlı aktivlərin ümumi məbləği ilkin olaraq 1,2 milyard avro təşkil edir.