• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Sülh uğrunda böyüklərin savaşı: İrəvanın Moskvaya qarşı ‘’meymun taktikası’’ - 2023-də olmasa...

  • 02.03.2023, 13:40,
  • Gündəm
  • Baxılıb: 1

 

Politoloq: “Rusiya artıq başa düşür ki, prosesləri uzatmaqla, ləngitməklə bölgədə özünün təsir imkanlarını qoruyub saxlaya bilməyəcək”

Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həssas mərhələsinin getdiyi iddia edilir. Bəzi ekspertlər nikbinliklə bunu ‘’bağlı qapılar arxasındakı BÖYÜK SÜLH’’ adlandırırlar. Erməni rəsmiləri də nikbin açıqlamaları ilə fərqlənir. İddialara və məlumatlara görə, tərəflər qarşılıqlı olaraq bir-birilərinə yeni sülh təklifləri göndəriblər və hazırda onların üzərində ciddi iş gedir...

Bu arada bəlli olub ki, təkliflər üzrə müzakirələr onlayn qaydada həyata keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu variant effektiv sayıla bilməz. Elə buradan da görünür ki, danışıqlar prosesinə və ümumi vəziyyətə daha çox bələd olan Azərbaycan naziri nikbinlər sırasında deyil...

Təbii ki, sülh danışıqları üzrə real, canlı təmaslar mütləqdir. Üstəlik də, görünən budur ki, ixtiyarı öz əlində olmayan Ermənistan hazırda nə birbaşa təmaslara razıdır, nə də üçtərəfli görüşlərə. Bu barədə Bakıda olarkən Rusiyanın xarici işlər naziri Lavrov da söyləmişdi...   

Növbətçi və protokol açıqlamalarda Azərbaycan tərəfi də sülh sazişi üzrə nəticəyə nail olunacağına ümid etdiyini deyir. Məsələn, müasir dövrün ciddi strateqlərindən sayılan Prezident İlham Əliyev  Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 27 fevralda görüşərkən bu barədə fikrini belə ifadə edib: “Ümidvaram ki, 2023-cü il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda, biz buna ümid edirik”.

Burada Azərbaycan rəhbəri bu açıqlama ilə təmsil etdiyi dövlətin sülh gözləntisini ifadə edir, sazişdən daha çox, münasibətlərin müsbətə doğru dəyişməsinə ümid bəslədiyini açıqlayır. Yəni səhnəyə pozitiv mesaj göndərir. Əslində isə sülh prosesi və iki ölkə arasında çoxdan gözlənilən saziş məhz ermənilərin destruktiv davranışları sayəsində ləngiyir, bəzi hallarda tam dayanır; indiki halında isə böyük güclərin öz aralarında intriqalar aparmasına meydan açır. Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə kimin "sülhü"’ dominant olacaq? İndi məhz bunun uğrunda Rusiya ilə Qərb arasında çəkişmə, itişmə gedir. Artıq Qərb paytaxtlarını təmsil edən Aİ müşahidəçiləri regiondadırlar...  

Belə bir məqamda Ermənistana nəzər salaq - düşmən informasiya məkanına çoxsaylı məlumat ötürür. Onlar arasında mövzumuza aid olan və diqqətimizi çəkən biri var. Parlamentin spikeri Alen Simonyan deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə razılıq mövcuddur.

Spiker əldə olunan razılığın təfərrüatları barədə məlumat verməyib. O qeyd edib ki, bu, danışıqlar prosesinin ümumi ahənginə mane ola bilər.

Simonyan həmçinin əlavə edib ki, Ermənistan tərəfinin son təkliflərinə rəsmi Bakının reaksiyası barədə məlumatı yoxdur. Bununla belə, növbəti görüşün təşkili ilə bağlı müzakirələr hər zaman aparılır.

Burada Simonyan maraqlı bir açıqlama da verib. O deyib ki, Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir: “Moskvanın rolu var. Olmaya da bilməz, çünki orada rus sülhməramlıları yerləşdirilib. Amma buna baxmayaraq, hər hansı tərəf müsbət bir şey etməyə çalışanda Moskvadan gələn emosional hərəkətləri, əsəbi reaksiyaları lazımsız hesab edirəm. Bu lazım olduğundan daha emosionaldır. Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır. Moskva vəziyyəti başa düşməlidir. Ermənistanın öz maraqları və təhlükəsizliyi var və o, geosiyasi vəziyyətə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq bunu təmin etməlidir”.

Faktiki olaraq Simonyan Ermənistanın Qərbin, daha konkretləşdirsək, sorosçu çevrənin diqtəsilə hərəkət etdiyini etiraf etmiş olub. Düzdür, sülh prosesinə səmimi olaraq töhfə vermək istəyənlərə qıcığın olması da anormaldır, bölgədə sabitliyə xidmət etmir. Amma fakt bundan ibarətdir ki, Ermənistan Rusiyadan üz döndərib, yalnız Qərbin maraqlarına oynamaq kursuna yönəlib.

Sergey Lavrov: “Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin  yaradılması nəzərdə tutulmur” - BBC News Azərbaycanca

Sergey Lavrov 

Maraqlıdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Bakıda olarkən “kənar oyunçular”dan danışıb. O, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu söyləyib: “Brüsseldən səslənən elanları detallı şərh edə bilmərik. Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. O cümlədən Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur. Lakin kimlərlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir”.

Lavrov regiondankənar oyunçuların nəyinsə xeyrinə deyil, kiminsə əksinə işləmək istədiklərini qeyd edib: “Biz bunu görürük. Əminəm ki, prosesə birbaşa cəlb olunan tərəflər də görür”.

Göründüyü kimi, sülh prosesində danışıqlar formatı ilə bağlı kifayət qədər təzadlar var. Məhz bu səbəbdən Rusiya ilə Qərbin arasında qalan Ermənistan nə cür davranmalı olduğunu müəyyən edə bilmir. Çünki bu dövlətin konkret geosiyasi kursu mövcud deyil və belə qeyri-müəyyənlik sülh prosesinə maneələr yaradır.

Obrazlı ifadə etsək, Paşinyan komandası Rusiyaya münasibətdə "meymun taktikası"na keçib. Şit, dəcəl hərəkətlərlə sahibini hövsələdən çıxardan, ona gah sağdan, gah soldan təpilən, sonra hansısa vacib əşyasını çırpışdıraraq qaçıb bir yüksək yerə dırmanan, oradan sahibinə açıq verən meymun təsəvvür edin. İrəvan hazırda o meymundur. Və hazırda o yüksək yerə  - Fransanın drijorluğunda Avropa İttifaqına dırmanıb. Lakin sahibi olan bütün meymunlar enində-sonunda yaxalanır, yüksəklikdən endirilir və cəzalandırılır...     

Bəs bu gedişat nə vəd edir? Ortaq bir yol tapmaq mümkün olacaqmı?

Anar Əliyev: "Paşinyan anlayır ki..."

 Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması və sülh müqaviləsinin imzalanması istiqamətində 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra çoxlu sayda cəhdlər edilib. Liderlər səviyyəsində görüşlər keçirilib: "Bir çox formatlarda, platformalarda irəliyə doğru müəyyən addımlara da nail olunub. Təəssüf ki, sonradan havadarlarının dəstəyi ilə Ermənistan təxribatlara əl atmış və nəticədə əldə olunmuş razılaşmalar pozulub, sülh gündəliyi sıfırlanıb. Hesab edirəm bu gün də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqların aparılması və müəyyən razılaşmaların əldə olunması ilə əlaqədar Ermənistan mətbuatının yazdıqları əslində İrəvanın növbəti manipulyativ davranışlarının elementidir. Məqsəd həm də guya Ermənistanın sülhpərvər mahiyyətini formalaşdırmaq və dünya ictimaiyyətində Ermənistanın sülhdə maraqlı olduğu təsəvvürünü yaratmaqdır. Cənubi Qafqazda, Ermənistanla-Azərbaycan arasında sülhün təmin olunmasında kimlərin maraqlı olduğu, kimlərin maraqlı olmadığını aydınlaşdırmağa çalışsaq, o zaman situasiya tamamilə gözümüz önündə real şəkildə aydınlaşmış olacaq və bundan sonra proseslərin hansı ssenari ilə inkişaf edəcəyini söyləmək daha rahat olacaq. Bu gün ayrı-ayrı mövqedə dayanan iki güc bölgədə öz təsir imkanlarını genişləndirməyə çalışır. Başlıca olaraq Qərb, ABŞ və onun Qərbi Avropadakı müttəfiqləri Cənubi Qafqazda proseslərin tənzimlənməsində daha aktiv iştirakçıya çevrilməklə rəqib qüvvə olan Rusiyanın təsir imkanlarını zəiflətmək, mümkün olarsa tamamilə sıxışdırıb çıxarmağa nail olmaq istəyir. Amma təəssüf ki, kollektiv Qərbi monolit mövqedən çıxış eləyən qüvvə kimi də qiymətləndirmək mümkün deyil. Çünki Qərb adlandırdığımız bu qüvvənin daxilində təmsil olunan bir sıra ayrı-ayrı dövlətlər proseslərə fərqli prizmadan mövqe ortaya qoyurlar. Xüsusilə ABŞ və Fransanın Cənubi Qafqazdakı proseslərin tənzimlənməsi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlərə mövqeyində çox ciddi yanaşma fərqi ortaya çıxır. Fransa mümkün qədər Ermənistan vasitəsilə Azərbaycana təzyiq etməklə Ermənistanın maraqların xidmət eləyən reallıqların formalaşdırılması və bundan sonra özünün də bölgəyə daxil olmasına xidmət eləyəcək bir razılaşmanın əldə olunmasında maraqlıdır. Amerika və digər Avropa dövlətləri, innstitutları isə istənilən formada bölgədə sülhün əldə olunması, konfrantasiya mühitinin aradan qaldırılması və bununla da Rusiyanın bölgədə iştirakçılığına olan ehtiyacın aradan qalxmasına çalışır”.

Politoloqun sözlərinə görə, Rusiya isə 10 noyabr üçtərəfli bəyanatının imzalanmasında oynadığı mühüm rolla bölgəyə təsir imkanllarını daha da genişləndirmiş olub: "Xüsusilə də sülhməramlı qüvvələrin Azərbaycanın Qarabağ bölgəsinə daxil olması ilə Rusiyanın hərbi güc vasitəsilə bölgəyə təsir imkanları bir qədər də genişlənib. Lakin sonradan baş verən bir çox hadisələr, əsasən də Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı böyük bir cəbhənin açılması, Rusiyanın imkanlarının zəiflədilməsi Rusiyanın Azərbaycan və Türkiyəyə olan ehtiyacının günbəgün artması, eləcə də Ermənistanda hakimiyyətin qərbyönümlü siyasət yürütməsi Moskvanı məcburi bəzi gedişlər etmək məcburiyyətində qoyub. Son dövrlər Rusiya tərəfindən nümayiş olunan müəyyən konstruktiv davranış, Rusiya xarici işlər nazirinin Ermənistanı uzun illər ərzində işğalçılıq siyasəti yeritməkdə ittiham etməsi, Azərbaycana səfər eləməsi və sülhyönümlü açıqlamalar verməsi bununla bağlıdır. Rusiya artıq gözəl başa düşür ki, prosesləri uzatmaqla, ləngitməklə bölgədə özünün təsir imkanlarını qoruyub saxlaya bilməyəcək. Əksinə, onun yaratdığı boşluğu rəqib qüvvələr rahat şəkildə tərəflərlə razılıqlar əsasında doldura bilərlər ki, nəticə etibarilə bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına çox ciddi zərbələr vurmuş olar. Ona görə də rəqiblərini qabaqlamaq üçün Rusiya müəyyən güzəştlərə getmək məcburiyyətində olduğunu dərk edir. Hesab edirəm ki, yaxın vaxtlarda biz Rusiya vasitəsilə Azərbaycan və Ermənistan lidelərinin növbəti görüşünün təşkil olunmasını və müəyyən nəticələrin əldə edilməsini müşahidə edə biləcəyik. Ona görə də bu gün Ermənistanla Azərbaycan arasında danışıqlar və onun müxtəlif formatlarda, xüsusən onlayn formada davam etdirilməsi ilə bağlı fikirlər daha çox populist çıxışlardır, beynəlxalq ictimaiyyətə, öz cəmiyyətlərinə yönəlik davranışlardır. Ermənistan hakimiyyəti isə böyük iradə nümayiş etdirərək Azərbaycanla sülh müqaviləsi imzalanmasına hazır deyil. Əksinə, Qərb havadarlarının, xüsusilə Fransa və İranın dəstəyi ilə prosesi mümkün qədər uzatmaqla Ermənistan üçün daha məqbul zamanın yetişməsini gözləməyə çalışır. Oyun oynaması bununla əlaqədardır. Lakin Rusiya tələsir və buna görə Ermənistana təzyiq edəcək”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER