Ölkəmizdəki siyasi partiyaların bir-birinin ardınca özlərini qapatması, fəaliyyətlərini dayandırması barədə xəbərlər həm yüngülvari heyrət, həm də gülüş doğurur.
Bəzən elə partiyaların adı çəkilir ki, 30 ildir siyasət arenasındakı bir yeniliyi belə qaçırmayan ictimai-siyasi fəallar onların adını ilk dəfə eşidir. Bu partiyalar nə vaxt yaranıb, kimlər yaradıb, bu illər ərzində necə fəaliyyət göstərib, bilən yoxdur.
Bəlkə də özlərindən, yəni bu partiyanın sənədini, möhürünü saxlayanlardan başqa heç kəs sona qədər belə siyasi təşkilatların varlığından xəbər tutmayacaqdı.
Fəqət “Siyasi partiyalar haqqında” qanunu əldə rəhbər tutan Ədliyyə Nazirliyinin siyasi partiyaların qarşısında şərtlər qoymasıyla həmin partiyalar mövcudluqlarını saxlayıb-saxlamamaq məsələsinə aydınlıq gətirməli olurlar.
Onlar həmin şərtləri (əsasən də üzvlərin sayı ilə bağlı) yerinə yetirəcək gücdə, həvəsdə deyillər. Ona görə də “qapatdıq” deyib canlarını qurtarırlar.
Belə anlaşılır ki, bu cür partiyalar əsasən 1995-2005-ci illər arasında yaradılıb. O zamanlar partiya quruculuğuna baş vuraraq, nəhayətdə seçkilər yoluyla siyasi iddiaları gerçəkləşdirməyin mümkün olacağına inam böyük idi. Ayrı-ayrı ambisiyalı adamlar mövcud və tanınmış partiyaların heç birinə üzv olmur, yaxud cılız intriqalar üzündən öz kiçik qrupu ilə böyük partiyadan ayrılır, ayrıca partiya təsis edirdilər.
Görünür, bu iddialı yoldaşlarda partiya quruculuğu və siyasi fəaliyyət haqqında əvvəlcədən yanlış təsəvvürlər olub, xeyirdə-şərdə ətraflarında 3-5 adam görən kimi elə biliblər, xalq onların sözünü gözləyir. Yoxsa kiçik bir ölkədə, siyasətlə maraqlanan və ondan baş çıxaran adamların bunca azsaylı olduğu bir arenada bu sayda partiya yaranmazdı.
Hələ 2000-ci illərdə böyük partiyaların sıravi üzvləri kiçik partiyalara ironik şəbədələr qoşurdular, deyirdilər, “filan partiya çox çevikdir, sədr qovluğunu götürüb hara gedirsə, partiyanın qərargahı orada olur”. “Təkadamlıq partiya” istehzası da o dövrdə yaranmışdı və həqiqətə çox yaxın idi.
Əslində belə təşkilatların mövcudluğunun əsl səbəbi elə böyük partiyalar idi. Onların hərəsi o cür partiyaların 5-6-sını öz qanadlarının altına çəkmiş, öz “peyk”lərinə döndərmişdilər və onların “lider”lərini yaradılan birlik və bloklara (SİDSUH, DAK, Demkonqress, İctimai Palata və s.) üzv edir, sədrlərini başdan oturdurdular.
Hamı bilirdi ki, onların elə bir gücü yoxdur, təşkil olunan mitinqlərə ən çoxu 3-4 adam çıxara bilirlər. Amma fərqi yox idi, o partiyaların sədrləri blokların rəhbərliyində təmsil olunur, mitinqlərdə alovlu çıxışlar edirdilər.
Həmin şəxsləri bəzilə təvazökar idi, güclərini bilirdilər, səslərini də ona görə çıxarırdılar. Bəziləri isə həm ambisiyalı, həm də radikal idilər, “ayağa qalxmalıyıq, fasiləsiz aksiyalar keçirməliyik, lazım gəlsə, meydanı tərk etməməliyik” deyirdilər. Ancaq bəzən aksiyalara güc tətbiq ediləndə, 100-dən artıq aksiya iştirakçısı saxlananda məlum olurdu ki, onlar yalnız böyük partiyaların üzvləridir, aksiyada iştirak edən 10-dan artıq kiçik partiyadan isə bir nəfər də saxlanmayıb.
Bir ara böyük partiyaların daxilində “kiçik”lərə qarşı etiraz dalğası yaranmışdı. Sıravilər, fəallar həzm edə bilmirdilər ki, bir partiyanın rəhbərliyində olan tanınmış siyasətçilər, məşhur ziyalılar, necə deyərlər, “meydanlarda can qoyan” funksionerlər (rayon təşkilatlarının sədrləri) kənarda qalır, amma onlardan qat-qat az fəaliyyəti, xidməti olan, heç kəsin tanımadığı “lider”lər başa keçir.
Ancaq bu etirazların qarşısını çox asanlıqla alınırdı. Böyük partiyaların liderləri “indilikdə belə lazımdır, hər kəsi ətrafımızda birləşdirməliyik” deyir, tərəfdarlarını inandırırdılar.
Bu vəziyyət isə yekunda ictimaiyyət arasında çoxpartiyalılığa dair mənfi rəylərin yaradılmasına rəvac verirdi. Opponentlərin təbliğatına uyan bitərəflər ölkənin əsas problemi partiyaların çoxluğuymuş kimi tez-tez təkrarlayırdılar: “Bir ölkədə bu qədər (rəqəm də deyirdilər və çox vaxt şişirdirdilər) partiya olar? Hərəsi də bir tərəfə dartır”.
Budur, yeni qanunun tələblərinə uyğun olaraq o demaqogiyaya son qoyulacaq. Bu gedişlə ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayı 10-dan aşağı düşəcək, “təkadamlıq partiya”lar sıradan çıxacaq. “Lider”lər ya siyasi fəaliyyətlərinə son qoyacaqlar, ya da böyük partiyaların 3-4-cü adamına çevriləcək, hətta sıravi üzvləri olacaqlar.
Bəlkə də çoxdan belə olmalıydı. Nəhayət, hamı anlamalıdır ki, siyasət hobbi və mövsümi iş deyil, ciddi işdir, peşəkar, güclü, nüfuzlu olmaq, çoxsaylı tərəfdarlar korpusuna söykənmək lazımdır.