Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına rəhbərliyi bu təşkilatın fəaliyyətinə yeni nəfəs verdiyi kimi, ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə dönəm sədrliyi də sözügedən qurumun həyatında dönüşə səbəb olub. Bəhreyn Krallığına səfərimiz zamanı bunu təşkilata üzv ölkələrin təmsilçilərindən, həmçinin ayrı-ayrı təşkilatların səlahiyyətlilərindən eşitmək Azərbaycan vətəndaşı və media mənsubu olaraq olduqca xoş idi...
Hərəkatın inkişafında Azərbaycanın oynadığı mühüm rol haqqında quruma üzv ölkələrin təmsilçiləri dönə-dənə məmnunluqlarını bildirirdilər. Ərəb Parlamentinin prezidenti Adel Əs Asoomi bildirdi ki, spiker Sahibə Qafarova milli parlamentlə güclü əlaqələr qurmaq istiqamətində uğurlu fəaliyyət göstərdi. “Qısa müddətdə əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycanın sədrliyi qurumun fəaliyyətində məhək daşı rolunu oynayıb”. Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko isə etiraf etdi ki, “Qoşulmama Hərəkatı beynəlxalq əlaqələrin qurulması platforması kimi sanki qeybə çəkilmişdi. Azərbaycan bu qurumun bir hissəsi oldu və Hərəkat yenidən doğuldu”. Paçeko onu da qeyd etdi ki, hazırda Azərbaycan spikerinin rəhbərliyi ilə Qoşulmama Hərəkatının yeni seqmenti – parlamentarilərin şəbəkəsini gördük. Sitat: “Bu, çox vacibdir. Təkcə hökumətlər deyil, həm də parlamentlər işə cəlb olunub”. Parlamentlərarası İttifaqın prezidenti dedi ki, indi Qoşulmama Hərəkatı təkcə hökumətlərin deyil, həm də parlamentlərin təşkilatıdır: “Bu, ona görə baş verdi ki, Azərbaycan və sizin rəhbərliyiniz həqiqətən də bu işə həsr edib”.
Qoşulmama Hərəkatının ilk təşəbbüsçülərindən biri olan Misir dövlətinin təmsilçisi, Misir Nümayəndələr Palatasının spiikeri Hanafi Gebali isə “mən şəxsən Sahibə Qafarovanın göstərdiyi səyləri alqışlayıram”-söylədi. Bu yerdə qeyd edək ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı ötən il Bakıda keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova 3 il müddətinə quruma sədr seçilib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransını izləmək Azərbaycan adına möhtəşəm duyğular yaradırdı. Gözəl bir məkanda, Azərbaycan bayraqları ilə bəzədilmiş zalda Azərbaycan atmosferi var idi: böyük ekranda Şuşa Zəfərimizin də yer aldığı videorolik təkrar-təkrar yayımlandıqca şəhid və qazilərimizə minnətdarlığımızı dua şəklində ifadə edirdik. İştirakçı ölkələrin bir çoxunun sinəsindəki Zəfərimizin rəmzi simvolu olan Xarıbülbül nişanını izlədikcə fəxr edirdik. Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar, Milli Məclis Aparatının rəhbərliyi, texniki işçiləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, hər birisi fəxarət dolu duyğular içərisindəydi. Həm də xaricilərin Azərbaycan adına yüksək münasibətini, heyət üzvlərinə ehtiramını müşahidə etdikcə qürurlanırdı hər kəs...
Torpaqlarını işğaldan azad etmiş, Zəfər qazanmış ölkənin vətəndaşı olmaq nə gözəlmiş!!! Müşahidə etdiyimiz həm də bu idi ki, Qoşulmama Hərəkatının üzvləri və digər təşkilatların təmsilçiləri Azərbaycan Prezidenti İlham Əliyevə sözü ilə əməli eyni olan, dediyini edən, hətta məqamı gələndə sülhdən imtina edən işğalçıya qarşı “Dəmir Yumruq”la cavab verəcək qədər qətiyyət sahibi olaraq yüksək ehtiram göstərirlər. Azərbaycan Respublikası Milli Məclisinin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edirdi. Şəbəkənin 3 saat 35 dəqiqə çəkən toplantısında da möhtəşəm atmosfer var idi. Qardaş Türkiyənin, Pakistanın rəsmi şəxsləri, o cümlədən TÜRKPA rəhbərliyi, həmçinin digər ölkələrin nümayəndələri Azərbaycan dövlətinin ünvanına böyük ehtiramını ifadə etməklə çıxışlara başlayıb, yekunda iclası çox yüksək səviyyədə, zərgər dəqiqliyi ilə idarə edən spiker Sahibə Qafarovanın əməyini xüsusi dəyərləndirirdilər.
Martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı təkcə çıxışlarla, xoş sözlərlə yekunlaşmadı, mühüm qərarların, sənədlərin qəbulu ilə tarixə yazıldı. Konfransın əsas nəticələrindən biri Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi oldu. Azərbaycan Milli Məclisinin təklif etdiyi və üzv parlamentlərin yekdilliklə dəstəklədiyi bu qərara əsasən, Parlament Şəbəkəsi çərçivəsində yaradılacaq Parlament Dəstək Qrupunun əsas məqsədi Prezident İlham Əliyevin Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə Yüksək səviyyəli BMT Panelinin yaradılması barədə BMT Baş Katibinə çağırış təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi və təşviq olunmasıdır.
Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları və əməkdaşlıq imkanlarına, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir. Tədbirdə həmçinin “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında” qərar qəbul olunub. Bu qərarla İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusu verildi. Beləliklə, digər beynəlxalq parlament təşkilatlarının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa olan marağı Parlament Şəbəkəsinin beynəlxalq parlament diplomatiyasında rolunun güclənməkdə olduğunu göstərir. Bundan əlavə, konfransda Parlament Şəbəkəsinin iş qaydalarına bir sıra dəyişikliklərə dair qərar da qəbul edildi ki, bu da Şəbəkənin daha çevik və daha effektiv fəaliyyətinin təmin olunması məqsədi daşıyır. Azərbaycanın yüksək səviyyədə faktiki olaraq evsahibliyi etdiyi tədbirin yekununda ailə fotosu çəkdirildi və Azərbaycan milli musiqisinin sədaları altında ziyafət verildi. Yenə də diqqət mərkəzində Azərbaycan idi...
Kənardan müşahidə edirdik: heyət üzvləri hətta yemək mərasimi boyunca Azərbaycan parlamentinin sədrinə yaxınlaşır, onunla xatirə fotoları çəkdirir, fikir mübadiləsi aparır, minnətdarlıqla ayrılırdılar. Bir sözlə, dörd günlük səfər müşahidələrimizi ümumiləşdirsək, Azərbaycan vətəndaşı olaraq çox qürurlandıq. Zamanında Qoşulmama Hərəkatına qoşulmaqla Azərbaycan dövlətinin, dövlət başçısının nə qədər müdrik addım atdığını bir daha yəqin etdik. Vətən Müharibəsi günlərində də, ondan sonra da bu qurumun həlledici məqamlarda Azərbaycanın yanında olduğunu görmüşdük. Bu isə aparılan siyasətin məntiqi nəticəsiydi şübhəsiz ki... Bəhreyndəki müşahidələrimiz də rəsmi Bakının kimə qoşulmaqla bağlı incə və doğru qərar verdiyinə əminlik yaratdı. Qoşulmama Hərəkatının əksər üzvləri də Azərbaycanın bu quruma qoşulmasına görə məmnundurlar. Bu, sanbalın göztəricisidir.
Zamanında “Yox millətimin imzası imzalar içində” deyərək sızıldayan böyük Məhəmməd Hadi bu günləri görsə, heç şübhəsiz “Var dövlətimin imzası imzalar içində”-yazardı...
Elşad Paşasoy,
Musavat.com