"Bəzən deyirlər ki, əsəbisən. Deyirəm ki, toxunmayın mənə, atasız qızam. Çox yaralıyam, hər şey məni incidir. Atamdan sonra gözümün parıltısı yox olub".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova "O üz" verilişində deyib. İfaçı aktyoru itirdikdən sonra yaşadıqlarından danışıb:
"Rafael Dadaşovdan nəsə soruşanda deyirdi ki, heç nə istəmirəm. Övladlarımı layiqli yerdə görmək istəyirəm. Bir dəfə də ona sual verdilər ki, ürəyiniz nə istəyir? Cavab verdi ki, qızım layiq olduğu yerdə olsun. Deyirəm ki, özün üçün nəsə istə. Hara gedirdi, zəng vurub soruşurdu, necəsiniz? Telefonunu heç vaxt söndürməzdi. Bir dəfə rayona getmişdi, gecəylə qayıdıb evə gəldi. Telefonum heç vaxt susmurdu. Düşünməzdim ki, telefonum nə zamansa susar...".
Səidə atasının vəsiyyətindən danışıb:
"Atam son nəfəsində Vahid dayıma dedi ki, qızım sənə əmanət. O, yığanda təskinlik tapıram. Deyirəm ki, atamın vəsiyyətidir.
Onun nömrəsini heç kimə vermirəm, özümdə saxlayıram. Bir dəfə açdım, səhvən qardaşıma o, nömrə ilə zəng getdi. Qardaşım pis oldu, dedi, bir də o, nömrəni işlətmə.
Ağrısını göstərən insan deyildi. Amma ömrünün son günlərində ağrılara dözə bilmirdi. Paltarını dəyişirdim... Yatanda da əynində paltarla yatırdı ki, üstüm açılar. Abırlı insan idi".
Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.