Azərbaycanda fəaliyyət göstərən daha bir siyasi partiya fəaiiyyətini dayandırıb. Bu, xalq hərəkatının fəallarından olan Yunus Oğuzun rəhbərlik etdiyi, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Milli Vəhdət Partiyasıdır. Yunus Oğuz partiyasının fəaliyyətinin dayanması ilə bağlı bəyanat yayıb.
Musavat.com eksklüziv olaraq həmin bəyanaın mətninin dərc edir:
"2002-ci ildə rəsmi dövlət qeydiyyatından keçmiş Milli Vəhdət Partiyası (MVP) öz ətrafında vətənpərvər, siyasətdə demokratik və açıq münasibətlərə üstünlük verən, fərdi məsuliyyətini dərk edən vətəndaşları birləşdirmişdir. Fəal siyasi mövqeyi ilə seçilən MVP ötən iyirmi il ərzində ölkədə baş vermiş bütün siyasi hadisələrə dair öz mövqeni bildirmiş və müxtəlif məsələlər ilə bağlı münasibətini açıq şəkildə bəyan etmişdir.
Siyasi proseslərdə öz peşəkar mövqeyi ilə seçilən MVP ölkənin informasiya məkanında da xüsusi fəallıq göstərmişdir. Baş vermiş müxtəlif siyasi hadisələr ilə əlaqədar obyektiv təhlilləri cəmiyyətə çatdırmaq və qərəzsiz təhlillərlə partiyanın mövqeyini bəyan etmək qarşımızda duran prioritet vəzifələrdən olmuşdur.
2003-cü ildə ölkədə keçirilmiş prezident seçkilərində partiya sədri Yunus İsaxan oğlu Əliyevin prezidentliyə namizədliyi qeydə alınması siyasi təsisat olaraq MVP-ya mühüm təcrübə qazandırmışdır. Həmin seçkilərdə partiya sədrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyinin geri götürməsi faktı bir daha MVP-nın siyasi kursunun strateji istiqamətini Azərbaycan cəmiyyətinə bildirmişdir.
MVP siyasi təsisat olaraq dəfələrlə bəyan etmişdir ki, ölkənin ərazi bütövlüyünün təmin olunması və siyasi münasibətlərdə dayanıqlı demokratik ənənələrinin dərinləşməsi kimi məsələlər partiya fəaliyyətinin və siyasi mübarizənin strateji hədəfləridir. İkinci Qarabağ Müharibəsində əldə olunmuş tarixi Qələbə regionda yeni reallığın formalaşmasına səbəb olmuşdur. Formalaşan yeni reallıq ölkədə yeni siyasi konfiqurasiyanın müəyyən olunmasını və siyasi münasibətlərin yeni peşəkar müstəviyə çıxarılmasını zərurətə çevirmişdir. Bu mənada artıq qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə davamlı olaraq həyata keçirilən islahatların və yeni siyasi konfiqurasiyanın bilavasitə təzahürüdür.
Ölkənin qanunvericiliyinə uyğun siyasi müstəvidə ideoloji hədəflərinə nail olmuş MVP siyasi partiya olaraq öz fəaliyyətinə son qoyduğunu bəyan edir. Partiyanın bütün üzvləri və tərəfdaşları məsuliyyətli vətəndaş olaraq bundan sonra da ölkədə siyasi həmrəylik mühitinin və milli maraqların qorunmasına xidmət edəcək, habelə dövlətin və cəmiyyətin yanında olacaqlar".