Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quluzadə - Cəmiyyətin inkişafında, dövlətə, dövlətçiliyə, Vətənə sevgi duyğularının formalaşmasında və yüksəldilməsində mətbuatın rolu əvəzsizdir. XIX əsrin sonlarında Azərbaycandilli mətbuatın yaranmasına böyük zərurət vardı. Bu zərurəti Həsən bəy Zərdabi daha həssaslıqla görmüşdü. 1875-ci ildə ona qəzet nəşr etdirmək üçün icazə verildi, iyul ayının 22-də "Əkinçi"nin ilk sayı dərc olundu. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazırdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən, heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur".
“Əkinçi” qəzeti Azərbaycandilli mətbuatın başlanğıcı oldu. Ona görə də “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:"... Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır".
Azərbaycanın dövlət müsütəqilliyinin bərpa edilməsi yeni mətbu mühit yaratdı, yeni qəzetlər nəşrə başladı. Bu qəzetlər Azərbaycanda yeni düşüncə tərzinin, hadisə və faktlara yeni yanaşmaların, milli-mənəvi dəyərləri daha həssaslıqla qorumağın və təbliğ etməyin cəfakeşi oldular. Yeni qəzetçilik modeli formalaşdı və bu, Azərbaycan dövlətçiliyinin mətbu dayağı oldu.
Respublikamızda senzuranın ləğvi azad mətbuatın inkişafına müsbət təsir göstərdi.
2003-cü il mart ayının 15-də jurnalistlərin I qurultayında 180-dək kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılan Mətbuat Şurası aprelin 24-də Ədliyyə nazirliyində dövlət qeydiyyatına alındı. Bununla da ölkədə mətbuat mühiti dünyəvi dəyərlər əsasında fəaliyyətini davam etdirməyə başladı.
2009-cu il aprelin 3-də "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncam imzalandı (indi Medianın İnkişafı Agentliyi) adlanır).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə jurnalistlər üçün binalar tikilib istifadəyə verildi, onlarla vətənpərvər, istedadlı jurnalist “Əməkdar jurnalist” fəxri adına layiq görüldü.
Azərbaycan mətbuatı dövlət qayğısı ilə əhatələnib. Zamanında Ulu Öndər Heydər Əliyev, sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” adına layiq görüldü. Bu mükafat ölkə başçısının mediaya əlavə qayğısına görə verilir.