Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İxtisaslaşdırılmış Avtomobil parkına yeni texnikalar gətirilib. Belə ki, qurum müxtəlif təyinatlı daha bir neçə texnika alıb. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Xiyaban Kompleksində Zəfər Tağının önündə sözügedən texnikalara yerində baxış keçirib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, ADAU-nun rektoru, QMİ-nin Qazılar Şurasının üzvü, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, MKTİB-nin rəisi, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Birliyin sədri Nurəhməd Əhmədov şəhər rəhbərinə məlumat verərək bildirib ki, qurumun maddi texniki bazasını yüksəltmək məqsədilə 1 ədəd traktor, 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi, 1 ədəd tozsoran, 1 ədəd yollarda çizgi çəkən maşın, 2 ədəd kiçik qabaritli məişət tullantılarının daşınması üçün nəzərdə tutulan motoroller, 1 ədəd odun üyüdən aqreqat alınıb.
Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğısı sayəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maşın-mexanizm parkı hər il yenilənir. Şəhərin təmiz, səliqəli saxlanılmasında və digər işlərində MKTİB-nin texnikalarının əvəzsiz xidmətləri olduğunu vurğulayan şəhər rəhbəri öz tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Gəncə şəhərində əhaliyə göstərilən xidmətlərin və şəhər təsərrüfatında görülən işlərin daha da təkmilləşdirilməsi məqsədilə ölkə başçısının müvafiq Sərəncamına əsasən 2019-cu ildə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına 57 müxtəlif təyinatlı yeni texnikalar verilib. Hazırda həmin texnikalar da MKTİB-nin tabeçiliyində olan şöbələr üzrə istismar olunmaqdadır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsinə yeni təyin olunmuş Zəfər Qurbanovla görüşüb.
Niyazi Bayramov qeyd edib ki, Aqrar sahə bu gün ölkə iqtisadiyyatının əsasını təşkil edir. Elə bu səbəbdən də aqrar sahəyə göstərilən dövlət qayğısı ilbəil artır. Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübəli mütəxəssislərin yetişdirilməsində böyük rolu olduğunu vurğulayan şəhər rəhbəri, Zəfər Qurbanovu təbrik edib, işlərində uğurlar azrulayıb.
Qeyd edək ki, Zəfər Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. Bundan öncə o, universitetdə rektor əvəzi vəzifəsində çalışıb.