Hacı Fərəc müəllim - Üç il öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsinə həsr olunan Zəfər Paradı keçirildi. Hər bir əlamətdar hadisə özündə müəyyən məqamları, çağırışları ifadə edir. Zəfər paradı Azərbaycanın hərbi qüdrətinin təqdimatı oldu.
44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, öz missiyamızı başa vurmalıyıq.
Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı. Cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Ermənilər illərdir belə fikir formalaşdırmağa çalışırdılar ki, ən güclü ordu erməni ordusudur. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində hərb variantı seçilərsə, məğlub olan Azərbaycan Ordusu olacaq. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradı ermənilərin illərlə yaratmaq istədikləri mifləri dağıtdı. Dünya bir daha gördü ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.
Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, uzun illər ərzində ölkəmizin əsas büdcə xərclərini məhz hərbi xərclər təşkil etmişdir. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Tarixi Zəfərimizdən ötən üç il Qələbini şərtləndirən amillərin daha dəqiq təhlilində öz sözünü deyir. Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində Qələbənin təminatı üçün siyasi və hüquqi baza yaradılmışdır. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyi əsasında mühüm islahatlar aparıldı. Azərbaycanın beynəlxalq nüfuzu artdı. Keçilən yolun təhlili fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradında böyük əminliklə söylədiyi “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” fikirlər qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu.
Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda üç ildir həm işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, həm də qalib Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasını təklif etdi. Bu istiqamətdə ölkəmizin göstərdiyi səylər göz qabağındadır.
Azərbaycan bu il Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi paradın keçirilməsi ilə bir daha tarixi ədalətə əsaslanan siyasətinin uğurlarını, hərbi gücünü nümayiş etdirdi. Sentyabrın 19-20 tarixlərində Silahlı Qüvvələrimizin keçirdikləri bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə - 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidən bu mesajı ünvanladı: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq.”
Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, reallıqlar dövlət başçısı İlham Əliyevin “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” tezisinin təsdiqidir. Azərbaycan gələcəyə hesablanmış, təkmil siyasətinin nəticəsi olaraq hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur.