Tahir Abbasov - 2020-ci il sentyabrın 27-dən başlayan və erməni işğalı altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi son 200 illik tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində düşmənin müqaviməti qırıldı və Şuşanın azad edildiyi 8 noyabr tarixi rəmzi olaraq təqvimizə Zəfər günü kimi həkk olundu.
Bununla biz bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu tarixi yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, biz yalnız haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda mübarizə aparıaıq. Azərbaycan Ordusu dünyaya həm də onu sübut etdi ki, döyüş meydanında qələbəni yalnız silahların gücü ilə qazanmaq mümkün deyil, bunun üçün daha çox Vətən sevgisinin hopduğu döyüş əzminə, ağıl və zəkaya malik olmaq lazımdır.
Qarabağ torpaqlarının işğaldan azad olunması naminə həyata keçirilən “Dəmir yumruq” əməliyyatının qələbə ilə başa çatması münasibəti ilə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu kimi, Ermənistan üçün isə məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Bu təntənə bir daha göstərdi ki, peşəkar ordusu olan əzəmətli xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.
Əlbəttə, bizi qələbəyə aparan yol heç də hamar olmayıb, çox böyük çətinliklərdən, maneələrdən keçib. Cəsur Azərbaycan əsgəri haqq və ədalət uğrundakı savaşda düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Gərgin döyüşlər nəticəsində 5 şəhər, 4 qəsəbə, 300-dək kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Silahlı Qüvvələrimiz döyüş meydanında Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.
Nəhayət, alınmaz qala sayılan Şuşanın işğaldan azad olunması ilə müharibənin taleyinə tam aydınlıq gəldiyi bir məqamda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq işğal altında qalmış diğər ərazilər də bir güllə atılmadan əsil sahiblərinə qaytarıldı. Ölkə ictimaiyyəti bunu Azərbaycan diplomatiyasının böyük tarixi qələbəsi və mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasını təsdiq edən sənəd kimi dəyərləndirdi. Bu tarixi hadisəyə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına 13 noyabr 2020-ci il tarixli müraciətində siyasi qiymət verilmişdir: “2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir...Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutur, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunur”.
Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanlarının töküldüyü müqəddəs Qarabağ torpağımızın həsrətinə son qoymuş Böyük Qələbə ilə Azərbaycan xalqı ilk növbədə bütün dünyaya bəyan etdi ki, biz heç zaman bir qarış torpağımızı belə heç kəsə verməyəcəyik.
Şanlı Zəfər bir daha göstərdi ki, ordu quruculuğu prosesi dövlətimizin siyasi prioriteti kimi İlham Əliyevin rəhbərliyi altında həmişə ardıcıl olaraq uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” ifadəsinin müəllifi olan ölkə rəhbəri bu fikri inkişaf etdirərək vurğulamışdır ki, ölkəmizin kifayət qədər güclü iqtisadi potensialı və maliyyə resursları, həmçinin yüksək döyüş qabiliyyətinə malik ordusu Qələbənin əldə edilməsində xüsusi rol oynamışdır. Həqiqətən də, cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Ona görə də ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən bu günlərdə təqdim olunan məlumatlara əsasən Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın ən güclü 30 ordusu reytinqində yer alması artıq heç kəsi təəccübləndirmir. Bu istiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri ölkə büdcəsində müdafiə xərclərinin 15 dəfə artırılaraq 4 milyard manatdan yuxarı bir səviyyəyə qalxmasını təmin edib ki, bu da Ermənistanın hərbi büdcəsindən qat-qat çoxdur.
Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividentlər əldə edilmiş Qələbəni təmin edən mühüm faktordur. Bu, həm də siyasi amil olaraq digər dövlətləri və beynəlxalq gücləri qüdrətli Azərbaycanla hesablaşmağa sövq edir.
Məmnunluq doğuran faktdır ki, qələbənin əldə olunmasında əməyi olan heç kim diqqətdən kənarda qalmamiş, olkə Prezidentinin müvafiq sərəncamları əsasında bütün şəhidlərimiz, habelə yüzlərlə əsgər və zabitlərimiz, həmçinin arxa cəbhədə fədakarlıqla çalışan mülki şəxslər bu qələbə münasibəti ilə təsis edilmiş yeni orden və medallara, fəxri adlara, daha yüksək hərbi rütbələrə və digər mükafatlara layiq görülmüşlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Məhz onun rəhbərliyi altında uzun illər ərzində davam etdirilən diplomatik mübarizə hərbi uğurumuzu bərkidən əsas amillərdən biridir və Qələbənin əldə olunmasında bu işin səmərəsi şəksizdir. Məqsədyönlü səylər nəticəsində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya anladı ki, Qarabağ əzəli tarixi torpağımızdır, Qarabağ - Azərbaycandır! Bununla bağlı cənab İlham Əliyev bu məsələyə də xüsusi diqqət ayırmışdır: “Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır”.
Bu qələbənin digər mühüm tərəfi Prezident İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir. Döyüşlərin ilk günündən dünya erməniliyi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı, BMT-də qətnamə qəbul etmək istədilər. Hətta Prezidentdən müsahibə alan bəzi xarici kütləvi informasiya vasitələri təxribatçı sualları ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdi. Lakin hər bir mərhələdə erməni təəssübkeşləri məğlubiyyətə uğradılar. Prezident İlham Əliyev onların hər birinə siyasət və diplomatiya dərsi keçdi. BMT-də Ermənistanın maraqlarına xidmət edən qətnamənin qəbul olunmasının qarşısı məhz İlham Əliyevin diplomatik müdrikliyi sayəsində alındı. Xarici KİV-in əməkdaşları İlham Əliyevin siyasi və diplomatic cavabları, tutarlı arqumentləri və ensiklopedik tarixi bilgiləri qarşısında heyran qaldılar.
Beləliklə, Azərbaycan 44 günlük müharibədə qazanılmış 8 Noyabr Zəfəri və ardınca 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən qısamüddətli lokal antiterror tədbiri nəticəsində Qarabağ da daxil olmaqla ölkənin bütün ərazisində suverenliyin və konstitusiya quruluşunu bərpa edərək separatçılar üzərində qazanılan qələbə ilə yeni bir dövrə daxil oldu. Ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Zəfər paradını əzəli-əbədi yurdumuz olan Xankəndidə qəbul etməklə bir daha dünyaya ismarıc verdi ki, Azərbaycan özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıdan bu nailiyyətlər üzərindən cənab İlham Əliyev təkcə cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında yeni bir tarixi eranın başlanğıcını qoymuş oldu.“Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”, - deyən Prezidentimizə olan etimadı daha da möhkəmləndirdi. Çünki qələbəni al qanı ilə yazmış şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl etdi.
Əfsuslar olsun ki, Avropa İttifaqı, ABŞ, Fransa, Niderland və digər bu kimi ölkələr 30 illik işğal dövründəki mövqelərinə sadiq qalaraq Azərbaycana qarşı ikili standartları bu gün yenə davam etdirməkdədilər. Fəaləyyətlərində heç bir ciddi nəticə ortaya qoya bilməyəndən sonra ömrünü çoxdan başa vurmuş Minsk qrupunun yenidən dirildilməsinə uğursuz cəhdlər göstərilir. Dövlətimizə qarşı çirkin kampaniyalar, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, sanksiya hədələri ara vermir. Azərbaycan Prezidenti ötən il noyabrın 8-də Xankəndidə keçirilən hərbi paraddakı çıxışında həmin bədxahlara önəmli xəbərdarlıq mesajı da vermişdir: "Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, bilsin ki, heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin". Ali Baş Komandan bildirmişdir ki, Azərbaycan son 20 il ərzində bu günə doğru gedirdi. Hazırlıq işləri aparılır, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi: "Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin”.
Bu gün Azərbaycan artıq beynəlxalq miqyasda fəal aktorlardan biridir. Yerləşdiyi geosiyasi mövqeyi, təbii sərvətləri, nəhəng enerji layihələri və sülhsevər siyasəti ilə təkcə Avropada deyil, həmdə Asiya məkanında etibarlı tərəfdaşa çevrilmişdir. Dünya siyasətinə böyük təsir imkanlarına malik bir sıra beynəlxalq güc mərkəzlərinin diqqət mərkəzinə düşən ölkəmizin bu potensialdan böyük dividentlər əldə etmək imkanına malikdir.
Ermənistanın konstruktiv mövqeyə gəldiyi halda ədalətli sülh müqaviləsinin bağlanması üçün heç bir maneə qalmır. Azərbaycan sülh gündəliyinə hər zaman sadiq olduğunu sübut etməkdədir. Regionun lider ölkəsi kimi ən böyük yük də məhz onun çiyinlərindədir. Sülh, əmin-amanlıq və barış naminə ölkəmiz bu missiyanı sonadək layiqincə daşımağa hazırdır. Bu gün Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir, işğaldan azad edilmiş ərazilərdə nəhəng layihələr reallaşdırılır, böyük investisiyalar qoyulur, bərpa-quruculuq işləri aparılır, ən müasir infrastruktur qurulur. Bölgədə sülhün bərqərar olması isə bütövlükdə Cənubi Qafqazda daha sürətli tərəqqisi üçün yeni imkanlar açacaq.
Əlamətdardır ki, builki 8 Noyabr – Zəfər günü Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirildiyi ərəfəyə təsadüf edir. Bu qərar ölkəmizin dünyadakı nüfuzunun göstəricisi və beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsinə yüksək etimadın göstəricisidir. Dünyanın 200-dək ölkəsini təmsil edən 80 minədək nümayəndənin qatılacağı gözlənilən bu tədbir həm də tarixi Zəfərə imza atmış Azərbaycanın misli görünməmiş inkişafının və sülhsevər siyasətinin dünyaya nümayişi üçün bir fürsətdir.
Beləliklə, hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan, illər keçdikcə Zəfər Gününün əhəmiyyəti daha aydın görünəcək. Şübhə yoxdur ki, müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq və gələcək nəsillərə ən dəyərli vətənpərvərlik nümunəsi kimi ötürüləcək.