• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi

Şimal-qərb bürosunun Qəbələ Elektrik Şəbəkəsinin rəisi Elvin Bayramzadə - Azərbaycanın müstəqillik tarixinə nəzər yetirdikdə, bütün sahələrdə olan inkişafın, naliyyətlərin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu görürük. Ümumilli Liderimiz Heydər Əliyevin  Azərbaycanın dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri  ilk milli Konstitusiyamızın qəbul olunmasıdır.
Heydər Əliyevin 1995 – ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il 12 noyabr “Konstitusiya Günü” kimi qeyd edilir. Bu gün Azərbaycan tarixində müstəqil dövlət quruculuğunun, demokratik idarəçiliyin və hüquqi bazanın əsasını qoyan bir gün kimi əlamətdardır.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ildə qurulmasına baxmayaraq, cəmi 23 ay mövcud olduğundan dövlətin əsas qanununu qəbul etmək üçün yetərli zaman olmamışdı. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun əsası SSRİ dönəminə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci ildə IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər olunmuşdu. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilmişdi.  Daha sonra, 1937-ci il martın 14-də IX Qurultayda SSRİ-nin yeni Konstitusiyasına uyğun olaraq Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilmişdi.  
1977-ci ildə SSRİ-nin yenilənmiş Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in də yeni Konstitusiya layihəsi hazırlandı. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olundu. Bu Konstitusiya Azərbaycanın müstəqillik dövrünə qədər qüvvədə qaldı.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin yeni çağırış və tələblərə uyğunlaşdırılması, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi idi. Müstəqilliyin ilk illərindəki siyasi hərc-mərclik, vətəndaş müharibəsinin başlanması təhlükəsi nəinki bu vəzifənin həyata keçirilməsinə imkan verməmiş, hətta bizi dövlət  müstəqilliyimizi itirmək həddinə çatdırmışdır.  Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün əməli işlər görülmüşdür. Bu işlərin başında 1995-ci il noyabrın 12-də Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanımızın ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi gəlir.
Hər il noyabrın 12-də qeyd olunan  və Azərbaycanın suverenliyini və hüquqi dövlət quruculuğunu əks etdirən ən vacib sənədlərdən biri olan Konstitusiyanın qəbul edildiyi gün, Azərbaycanın müstəqil dövlət olaraq formalaşmasında böyük tarixi əhəmiyyətə malikdir. Konstitusiya Günü həm də dövlətimizin əsas prinsiplərini, insan hüquqlarını və azadlıqlarını, habelə demokratiyanı təsdiqləyən bir gün olaraq qeyd edilir.            
1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası müasir dövlət və cəmiyyətin əsas prinsiplərini təsbit edir. Konstitusiyada dövlət quruluşu, hakimiyyətin bölünməsi prinsipləri, insan hüquq və azadlıqları kimi fundamental məqamlar əksini tapıb. Beş bölmədən ibarət olan ibarət olan Azərbaycan  Konstitusiyası dövlətin əsas hüquqi sənədidir və burada aşağıdakı əsas prinsiplər əhatə olunub:
1. Dövlət Suverenliyi və Müstəqillik: Konstitusiyada Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğu təsbit edilir. Dövlətin suverenliyi və müstəqilliyi təmin edilir.
2. Hüquqi Dövlət Prinsipi: Azərbaycan Konstitusiyası hüquqi dövlət prinsipini əsas götürür, yəni hüquqi normaların və qanunların ali olması və hər kəsin qanun qarşısında bərabər olması.
3. İnsan Hüquqları və Azadlıqları: Konstitusiya insan hüquqları və əsas azadlıqları, o cümlədən sərbəst hərəkət etmək, söz azadlığı, din azadlığı, mətbuat azadlığı kimi azadlıqları qoruyur. Konstitusiyada hər bir vətəndaşın təhsil, səhiyyə və sosial təminat hüquqları təmin edilir.
4. Dövlət Hakimiyyətinin Bölünməsi: Azərbaycan Konstitusiyasında dövlət hakimiyyəti üç qol üzrə bölünür: qanunverici (Milli Məclis), icraedici (Prezident) və məhkəmə. Bu prinsipin məqsədi hər bir hakimiyyət qolu arasında balans və qarşılıqlı nəzarətin təmin edilməsidir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi əsaslarını, dövlətin siyasi və sosial həyatını nizama salır. Konstitusiya, həmçinin ölkənin inkişaf istiqamətini müəyyən edir, hüquqi və siyasi stabilliyi təmin edir. Dövlət və vətəndaşlar arasında qarşılıqlı məsuliyyət yaradan bu sənəd, insan hüquqlarının qorunması və cəmiyyətin müxtəlif sosial qrupları arasında ədalətli münasibətlər yaranmasına yönəlmişdir.
Azərbaycanda Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonra bir neçə dəfə dəyişiklik və əlavələr edilmişdir. Bu dəyişikliklər dövlətin və cəmiyyətin tələbatlarına uyğun olaraq həyata keçirilmiş və ölkənin demokratik inkişafına töhfə vermişdir. Əsas dəyişikliklər 2002, 2009, 2016 illərdə keçirilən referendumlar vasitəsilə baş tutmuşdur. Konstitusiyadakı dəyişikliklərə baxmayaraq sabit qalması onun etibarlı və müasir dövlət quruculuğuna uyğunlaşdırılmasının əsas göstəricisidir.
Hər il noyabrın 12-si Azərbaycan Respublikasında dövlət səviyyəsində Konstitusiya Günü kimi qeyd edilir. Bu günlə bağlı müxtəlif tədbirlər keçirilir, dövlət qurumları və təhsil müəssisələrində maarifləndirmə işləri aparılır, cəmiyyətdə hüquq və dövlətçilik dəyərləri barədə məlumatlandırma işi həyata keçirilir.
Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqilliyimizin və suverenliyimizin rəmzidir və dövlətin hüquqi əsaslarını gücləndirmək məqsədini daşıyır. Bu gün Azərbaycanın hər bir vətəndaşı üçün qanun qarşısında bərabərlik, azadlıq və hüquq təməlində bir gələcək vəd edən Konstitusiyanın qəbul olunduğu gündür. Belə bir günün qeyd edilməsi, gənc nəslin hüquq və vətəndaş məsuliyyətinin artırılmasına, dövlətçilik dəyərlərinin cəmiyyətdə dərinləşməsinə və ümumilikdə Azərbaycanın hüquqi dövlət kimi inkişafına böyük töhfə verir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER