Kremlin Belarusun 2030-cu ilə qədər Rusiyaya tam ilhaq edilməsi planı bəlli olub.
Musavat.com xəbər verir ki, bu barədə “Dosye” mərkəzi xüsusi sənədi ortaya çıxarıb.
Sənəd “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlanır. Onun Rusiya prezidentinin administrasiyası Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birgə hazırlandığı iddia edilir. “Dosye”nin təsbitlərinə görə, Belarusla bağlı planlar 2021-ci ildə hazırlanıb və Rusiyanın Ukraynanı işğalından sonra uzunmüddətli perspektivdə dəyişməyib. Strategiyaya əsasən, Kreml 2030-cu ilə qədər Rusiyanın maraqlarını nəzərə alaraq Belarus Konstitusiyasında islahatları başa çatdırmaq, ölkədə rus dilinin belarus dili üzərində üstünlüyünə nail olmaq və belaruslara Rusiya pasportlarının verilməsində sadələşdirilmiş prosedur tətbiq etmək niyyətindədir.
Bundan əlavə, Kreml Belarusun informasiya məkanına nəzarət etmək, ölkədə elmi və mədəniyyət mərkəzləri açmaq istəyir. Ehtimal olunur ki, bunlar Rusiya kəşfiyyatçılarının çalışdığı “Rossotrudneçestvo” federal xidmətinin (Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik - red.) filialları olacaq.
Qeyd edək ki, 2022-ci ilin noyabrında Rusiya-Belarus ittifaq dövlətinin inteqrasiya layihəsi çərçivəsində ölkələrin ticarət-iqtisadi inteqrasiyası üçün 28 proqram qəbul edilib. Bunlar ümumi enerji və maliyyə bazarlarına, vergi və gömrük siyasətlərinin sinxronlaşdırılmasına aiddir. Bununla bərabər, birgə hərbi doktrina da təsdiq edilib. Bu proqramların əlaqələndirilməsi mərhələsində Lukaşenko Rusiya ilə iqtisadi inteqrasiyanın Belarusun suverenliyinə təhlükə yaratmadığına inandırıb. Putin daha sonra bildirib ki, iqtisadi baza yaradıldıqdan sonra iki ölkə arasında siyasi yaxınlaşma da başlaya bilər.
Rusiyanın Ukraynaya müdaxiləsi onun Belarusla bağlı planlarını dəyişməyib. “Belarus üzərində tam nəzarətə nail olmaq kimi uzunmüddətli məqsəd hələ də qüvvədədir”, - deyə Kremldəki anonim mənbə bildirib.