• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqının mənafeyinə yönəlmişdi

  • 21.02.2023, 19:11,
  • Gündəm
  • Baxılıb: 20

 

Tarixdə mövcud olan dövlətlər və xalqlar özlərinin maddi sərvətləri və siyasi qüdrətlərindən çox, zamanı üçün böyük izlər qoyan, möhtəşəm işlər görən tarixi şəxsiyyətləri ilə tanınırlar. Çünki zamanın istər intibah, istərsə də sərt dönəmlərində   millətin və xalqın tale yolu görkəmli tarixi şəxsiyyətlərin fəaliyyəti ilə müəyyənləşir. Zamanın çağırışına cavab verən şəxsiyyətlər böyük şəxsiyyətlərdir. Həmin şəxsiyyətlər olduqca mürəkkəb və taleyüklü məsələləri həll etmək, vətəni xilas etmək üçün tarixin ən həlledici məqamında meydana çıxırlar. 

Azərbaycanda tarixi ənənələrdən, milli-mənəvi keyfiyyətlərdən bəhrələnərək ölkəsini dünyanın nüfuzlu təsisatlarına inteqrasiya yolu ilə inkişaf etdirmək, xalqının milli hüquqlarını, tarixi haqlarını həyata keçirmək kimi şərəfli missiyanı çiyinlərinə götürən, yeni dünya sisteminin düzənləndiyi və onun yeni idarəetmə formasının meydana gəldiyi bir dövrdə sərt taleyüklü məsələləri həll etməyi bacaran tarixi şəxsiyyətlərin varlığı hər bir azərbaycanlının qürur mənbəyidir.  Bu mənada Heydər Əliyev  çox böyük  maneələri dəf edərək ən uca zirvələri fəth etməyi bacaran nadir tarixi simadır. Tariximizin son yetmiş ili bu parlaq zəka sahibinin adı ilə bağlıdır. Çünki onun bütün həyat amalı, fəaliyyətinin bütün dövrü milli-mənəvi inkişafımızın tərkib hissəsi olan milli özünüdərkin, milli birlik ideyasının, milli qürurun, ləyaqətin, məsuliyyət hissinin, vətəndaşlıq duyğularının qədim tarixə, yüksək mədəniyyətə, intellektual səviyyəli cəmiyyətə malik xalqımızın öz mənliyinə sahib olmaq haqqının formalaşmasına təkan verib.

Zəkasının qürdəti ilə bir insan ömrünə sığmayan işlər görən Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir dövrdə də, ziddiyyətlərlə dolu taleyüklü məsələlərin meydana gəldiyi dövrdə də, bütün çətinliklərə sinə gərərək qəhrəmanlıq nümunəsi göstərib, xalqın rifahı üçün çalışıb, ölkəmiz əsrə bərabər inkişaf yolu keçib. Müstəqil dövlətçiliyin qorunub saxlanmasını, vətəndaş birliyinin yaradılmasının milli-mənəvi  və konseptual əsaslarını da məhz ulu öndər Heydər Əliyev bərqərar etdi. Dahi şəxsiyyət  əhalini vahid ideologiya və müstəqil dövlət ətrafında birləşdirməyi bacardı.

Bu gün böyük fəxr hissi ilə deyə bilirik ki, XX əsrin son qərinəsində dövlətçiliyimizin bənzərsiz  memarı  xalqımızı dünyada tanıdan HEYDƏR ƏLİYEVDİR.

Böyük siyasət ustadı, dahi şəxsiyyət Heydər Əliyevin həyat fəaliyyəti siyasi - mənəvi tariximizdə elə bir uca zirvədir ki, o zirvənin əzəmətini, böyüklüyünü bugün­kü övladlarımıza, gələcək nəsillərə çatdırmaq, layiqincə tanıtdırmaq təhsil - tərbiyə iş­çi­­­lə­ri qarşısında duran başlıca vəzifələrdən biridir. Heydər Əliyev ruhi - daxili alə­mi, sözü və əməli, fikir və düşüncələri, humanistliyi, əqidəliliyi və iradi keyfiyyətləri ilə xalqına, vətəninə bağlılığı ilə özünə qarşı sonsuz məhəbbət oyadıb, dövlət və döv­lət­çilik siyasətinin bütün dünyada yeni məzmun istiqamətini, modelini yaradıb.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti ondadır ki, onun düşüncə­lə­ri də, əməli fəaliyyəti də təkcə bu günlə məhdudlaşmayıb, həm də  uzaq gələcəyə  ünvanlanıb. Ona görə də xalqımızın bu günü və sabahı, inam və etiqadı, şərəf və şöhrəti, ümid və güvənc yeri olan Heydər Əliyev dünyəvi dəyərli bir insan, ölkə rəhbəri, hər bir məsələdə onunla hesablaşmağa ehtiyac doğuran bir fenomendir. Tək özü üçün ya­şa­ma­yıb, xalqa, millətə bağlı olmaq, onun dərdi - sərini, ağrı - acısını duymaq və da­şı­maq, onunla birlikdə gülmək, birlikdə sevinmək, ümummilli inkişafa, uğurlara, nai­liyyətlərə gedən yolu işıqlandırmaq Heydər Əliyevin amalları, düşüncələri, həyat əqi­dəsi idi. O, böyük vətəndaş kimi düşünməyin simvolu, şəxsi səadəti ümummilli səadətə həsr olunmuş şəxsiyyət nümunəsi idi.

Doğrudan da, Heydər Əliyevin elə bir çıxışı, nitqi olmaz ki, orada Azərbaycan tarixinin yenidən hazırlanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, eləcə də hüquqi və müstəqil dövlətimizin əbədi-sönməz olması, onun ərazi bütövlüyünün göz bəbəyi kimi qorunması, sərhədlərimizin toxunulmazlığı, torpaqlarımızın erməni işğalçılarından  müdafiə olunması  ilə bağlı orijinal fikirlər söyləməsin.  

Hər bir azərbaycanlının müqəddəs borcu və amalı doğma vətəninə xidmət göstərməkdən, daim vətənin mənafeyi naminə çalışmaqdan ibarətdir. Hər kəs öz əməli, zəhməti, işi və fəaliyyəti ilə vətəni naminə çalışmağı barədə öz-özünə hesabat verməlidir. Əgər hər bir müəllim vicdanla çalışıb vətənin gələcəyi olan gənc nəslin tərbiyəsinə ürəkdən yanaşırsa;  vətənin xidmətində duran əsgər nizam-intizama əməl edirsə, sərhədlərimizin qorunması yolunda sədaqətlilik götərirsə; hər bir idmançı ölkəmizin bayrağını yüksəklərə qaldırırsa; ali məktəbdə təhsil alan hər bir gənc dünya elminin ən yaxşı ənənələrini və nailiyyətlərini qazana bilirsə, bu onun vətənə olan xidmətinin nümunəsidir.

Vətən deyəndə ilk növbədə vətəndaşı olduğumuz doğma Azərbaycanın müstəqil dövlət kimi varlığı, ölkəmizin hərtərəfli inkişafı, mövcud ictimai-siyasi durumu və ən əsası, ölkənin tərəqqisi yolunda  hər birimizin üzərinə düşən vəzifələri düzgün dərk etməmizlə bağlı kompleks məsələlər başa düşülür.

Dövlətçiliyə sədaqətin, Vətənə məhəbbətin və xalqa etibarlı zəmanətin nümunəsi kimi  Heydər Əliyevin vətənpərvərlik ideallarını, özünəməxsus aspektlərlə zəngin olan siyasi məktəbinin təhlil edilərək gənc nəslə çatdırılması dövrümüzün ən vacib tələblərindəndir. Təməli ailədə qoyulan vətənpərvərlik hissləri məktəbəqədər təhsil müəssisələrində inkişaf edir, ümumtəhsil məktəblərində sistemləşir, ali məktəblərdə isə daha təkmilləşmə yolu keçir. Bu gün gənc nəsil dahi şəxsiyyət Heydər Əliyevin həyat və iş təcrübəsini dərindən mənimsəməklə, gələcək inkişaf yolunu yüksək mənəvi- əxlaqi keyfiyyətlərə malik humanist, sədaqətlilik idealları üzərində qurmalıdır.

Vətənə sədaqət hisslərinin təzahürü ulu öndər Heydər Əliyevin “Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi  inkişaf etməsinə sərf edəcəyəm” fikrində əksini tapır. Bu fikirlərlə əsl vətənpərvərin  Vətəninə olan məhəbbət və sədaqətinin nə qədər güclü olması duyulur. Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan daxili və xarici düşmənlərə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır” deyərək “Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram” söyləyən dahi şəxsiyyət dövlətinə sədaqəti, millətinə sevgisini dilə gətirir.

Heydər Əliyev şəxsiyyətinin vətənə sədaqət hisslərini öyrənərkən, onun milli-mənəvi dəyərlərimizə olan hədsiz məhəbbətini, xalqımızın əsrlər boyu formalaşan adət-ənənələrinə, dilimizə, dinimizə olan qayğısını mütləq qeyd etməliyik. Heydər Əliyev vətənpərvəlik məktəbinin əsas qayəsini məhz onun Azərbaycan xalqının nəcib əxlaqi keyfiyyətlərinə olan dərin sevgisi, əsl azərbaycanlıya xas olan mərdlik, məğrurluq,  qürur, qeyrət, namus və  vicdan hisslərinin daim yüksəkdə tutulması, xalqımızın qədim tarixi və mədəni irsinə olan hörmətidir.

Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqının mənafeyinə yönəlmişdi. O, istər təsərrüfat, istər sənaye, istər iqtisadiyyat, istər mədəniyyət və mənəviyyat, istər elm və təhsil sahələrinin, bütövlükdə, həyatın bütün sahələrinin inkişafında var qüvvəsi ilə çalışıb, yalnız xalqın mənafeyi, əhalinin rifahına xidmət edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyələrini rəhbər tutmaq, həyat yolunu öyrənmək və bu nümunə əsasında böyüyən nəsilləri tərbiyə etmək hər bir vətəndaşımızın mənəvi borcu olmalıdır. Ulu öndərin daxili aləmində, əməlində, sözündə, fikir və humanistliyində, əqidəsində, xalqına və Vətəninə bağlılığını əks etdirən müdrik keyfiyyətlərini gələcəyimiz olan övladlarımızın ruhuna, canına və qanına hopdurmaq lazımdır ki, xalqın və ölkənin gələcək taleyi etibarlı əllərdə olsun. Onun mənalı ömür yolunu, ideyalarını, zəngin irsini öyrənməli və öyrətməliyik. Dahi rəhbərin dövlətçilik, azərbaycançılıq, vətən­daş­lıq haq­qında fikirlərini mənimsəməli, irəli sürdüyü ideyaları sevməli, yaşatma­lıyıq. Heydər Əliyevin təlimini öyrənməklə, qarşıya çıxan problemlərin həllində bu xətti tətbiq etməyi bacarmaqla, bu ideallar ətrafında sıx birləşmək, həmrəylik göstər­məklə indiki işlərimizi düzgün qura, işıqlı gələcəyimizi müəyyənləşdirə bilərik.

Gənc nəslin ulu öndərin nümunəsində vətənpərvərlik və vətənə sədaqət tərbiyəsi işini geniş və hər­tə­rəfli şəkildə yaymaq məqsədilə kütləvi informasiya vasitələri - televiziya və radio verilişlərinin aparılması, dövrü və pedaqoji mətbuatda materialların, geniş müzakirələrin verilməsinə ehtiyac vardır.

Hər bir millətin gələcəyi indiki yetişən nəsildən asılıdır, onların ağıllarından, mənəviyyatından, ideallarından və bu ideallara sadiqliyindən, inamlarından asılıdır. Yetişən nəslin düzgün istiqamətləndirilməsi gələcəyin düzgün qurulması deməkdir. Müasir Azərbaycan dövlətçiliyinin təməl daşını qoymuş və möhkəm özülünü yarat­mış dahi şəxsiyyət Heydər Əliyevin ideya dünyası onun davamçılarının yoluna həmi­şə işıq salacaq, günəş kimi əbədi şölələnəcəkdir. Ona görə də bu təlimin mahiyyətini, həyati zəruriliyini yetişən nəslə, ümumtəhsil məktəbləri şagirdlərinə çatdırmaq, onla­ra bu ideallarla yaşamağın qanunauyğunluqlarını dərk etdirmək uzun illər ərzində öz milli - mənəvi dəyərlərindən ayrı salınmış bir xalqın özünə qayıdış və özünüdərki­ni  ulu öndər Heydər Əliyev irsi nümunəsində tərbiyə etmək çox mühüm vəzifədir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Sərəncamda da qeyd edildiyi kimi “ Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Süleyman Mikayılov,

Qaradağ rayon icra hakimiyyətinin başçısı.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER