Rusiya-Ukrayna müharibəsi birinci ilinə qədəm qoyur. Belə bir vaxtda dünyanın diqqəti Çinin atacağı addıma yönəlib.
Musavat.com xəbər verir ki, Putinin Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşüb.
Bu görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq hərbi ittifaqın Çinin Ukraynadakı müharibəsində Rusiyaya dəstək verməyi planlaşdırdığına dair "bəzi əlamətlər" gördüyünü deyib və Pekini beynəlxalq hüququ pozacaq addımdan əl çəkməyə çağırıb.
Çinin Rusiyaya silah və digər dəstək verməyə hazır olduğuna dair hər hansı əlamətin olub-olmaması ilə bağlı suala Stoltenberq belə cavab verib:
“Biz onların Rusiyaya dəstək verməyi planlaşdırdıqlarına dair bəzi əlamətlər gördük və təbii ki, NATO müttəfiqləri buna qarşı xəbərdarlıq edirlər, çünki bu, baş verməməlidir. Çin Rusiyanın qeyri-qanuni müharibəsini dəstəkləməməlidir”.
Qeyd edək ki, bir müddətdir, Putinin Çindən hərbi dəstək almaq istədiyi bildirilir və hərbi analitiklər bunu “ən pis ssenari” kimi qiymətləndirirlər. Çünki bu halda həm Ukrayna müharibəsi daha qanlı mərhələyə keçəcək, həm də iki qlobal güc - ABŞ və Çin üz-üzə gələcək.
Bu vəziyyəti "qırmızı xətt" kimi xarakterizə edən "Daily Mail" qəzeti yazır: “Qanla çəkilmiş qırmızı xətt var. Çinlilər Rusiyaya silah tədarük etməyə başlasalar, o xətti keçəcəklər”.
Ukrayna lideri Zelenski bu yaxınlarda bəyan edib ki, Çinin Ukraynada Rusiyaya dəstəyi III Dünya müharibəsi demək olacaq.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp da III Dünya müharibəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq edib.
ABŞ prezidenti Co Bayden də III Dünya müharibəsinin heç vaxt bu qədər yaxın olmadığını deyib