• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Xankəndi əməliyyatı son mərhələyə keçir: Bakı Kremli "labirintə" salır, təxribat planını pozur

  • 23.02.2023, 16:23,
  • Gündəm
  • Baxılıb: 3

 

Rusiyanın “Kubik-Rubik layihəsi” Kremlin ümid bəslədiyi nəticələri vermədi, rəsmi Bakı bu məkrli oyunu beynəlxalq səviyyədə ifşa etdi, hədəfə çıxartdı, Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirtmək hüququnu da legitimləşdirdi... Ona görə də, bundan sonra Rusiyanın Azərbaycana kəskin müqavimət göstərib, iki ölkə arasında qarşılıqlı münasibətləri qəlizləşdirməsi ilk növbədə Kremlin geopolitik və geostrateji maraqlarına sarsıdıcı zərbə vura bilər...

Rusiyanın Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib. Ermənistan Rusiyanın düşmənlərini – ABŞ və Avropa Birliyini regiona yerləşdirməyə başlayıb. Üstəlik, Cənubi Qafqazda regional orbitr rolu da Rusiyanın əlindən alınmaq üzrədir. İndi geopolitik problemlərin nizamlanması prosesində təşəbbüs ABŞ və Avropa Birliyinin əlinə keçməkdədir. Və belə davam edərsə, Kreml regiona bütün nəzarət mexanizmlərini tədricən itirmiş olacaq.

Təbii ki, belə vəziyyətdə Rusiyanın regionada baş verənlərə daha radikal və sürətli reaksiya göstərməyə çalışacağı da qətiyyən istisna deyil. Ancaq hazırda geopolitik proseslər Kremlin maraqlarına uyğun cərəyan etmir. Əksinə, Rusiya Cənubi Qafqazdan sıxışdırıldığını və regiondan çıxmaq məcburiyyətində qala biləcəyini daha çox hiss etməkdədir. Hər halda, Paşinyan hakimiyyətinin Avropa Birliyi missiyası adı altında Qərb casuslarını Ermənistana yerləşdirməsi Rusiyanın öz ənənəvi regional for-postunu beynəlxalq rəqibləri ilə bölüşdürmək məcburiyyətində qaldığını göstərir.

Ancaq Kremlin regional problemləri yalnız bunlarla məhdudlaşmır. Azərbaycanın Xankəndi və ətraf bölgəsində də Rusiyanın işləri yaxşı getmir. Kremlin bu bölgə üzərindən qurduğu məkrli planlar da artıq iflasa uğramaq üzrədir. 2025-ci ildə rəsmi Bakının Rusiya sülhməramlı qüvvələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxaracağı artıq qətiyyən şübhə doğurmur. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması istiqamətində artıq daha prinsipial və israrlı mövqe tutmaqdadır.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Kremlin böyük ümidlər bəslədiyi “Vardanyan layihəsi” artıq iflasa uğramış kimi görünür. Rusiya kriminal oliqarx Ruben Vardanyanı Azərbaycanın Qarabağ regionuna göndərməklə, eyni vaxtda həm rəsmi Bakıya, həm də Kremlə arxa çevirən Paşinyan hakimiyyətinə ciddi problemlər yaratmaq məqsədi güdürdü. Yəni, Kremlin “təxribat emissarı” Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiya prosesini pozmalıydı. Eyni zamnda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini də qəlizləşdirməklə yanaşı, Paşinyan hakimiyyətini siyasi alternativ statusunda təhdid etməliydi.

Son hadisələr onu göstərir ki, Kremlin bu məkrli planları real nəticədən sürətlə uzaqlaşır. Belə ki, rəsmi Bakı kriminal erməni oliqarxın Xankəndiyə gəlişindən dərhal sonra R.Vardanyanın Kreml tərəfindən təxribatlar törətmək üçün bölgəyə göndərildiyini bəyan etdi. Eyni zamanda, rəsmi Bakı beynəlxalq platformalarda Kremlin “təxribat emissarı”nın bölgədən dərhal çıxarılmasını tələb etdi. Və bununla da Rusiyanın “Vardanyan layihəsi” ifşa olundu, beynəlxalq hədəfə çevrilmiş oldu.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də Ermənistanda dövlət çevrilişi təhlükəsi yaradan “Vardanyan layihəsi”nə qarşı çıxmaqla, dolayısı ilə rəsmi Bakının mövqeyini dəstəklədi. Hətta bəzi məlumatlara görə, Ermənstanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olarkən, rəsmi Ankaraya R.Vardanyanın Azərbaycan ərazilərindən tezliklə çıxraılmasına nail olunacağını vəd edib. Bu isə o deməkdir ki, Kremlin geopolitik təxribat layihəsini aktual saxlamaq artıq mümkün deyil.

Bir müddət öncə R.Vardanyanın gizli yollarla Rusiyaya qaçması barədə yayılan məlumatlar da vəziyyətin qəlizləşdiyindən xəbər verirdi. Düzdür, sonradan kriminal erməni oliqarx Rusiyada müəyyən dairələrlə məsləhətləşmələrin ardından yenidən elə eyni gizli metodlarla Xankəndiyə qaytarıldı. Ancaq bu erməni fırıldaqçının Azərbaycan ərazisində uzun müddət duruş gətirə biləcəyi də artıq inandırıcı görünmür.

1675773563_1674802328_1674473239_1673444611_1673092273_1672164746_1671709818_1671353908_1670996688_1668061162_1667410536_6317326ef21036317326ef210416624646226317326ef21016317326ef2102.jpg (45 KB)

Məsələ ondadır ki, rəsmi Bakı kriminal erməni oliqarxın Azərbaycan ərazisini tərk etməsinə qədər Qarabağın erməni azlığı ilə hər hansı kontaktın olmayacağını bəyan edib. Üstəlik, onun bölgəyə ayağının dəyməsindən sonra Qarabağın erməni azlığı müəyyən problemlərlə üzləşməyə başlayıb. Kremlin “təxribat emissarı” erməni azlığını öz maraqlarının girovuna çevirib. Və bu səbəbdən də hazırda Qarabağda yaşayan ermənilər arasında R.Vardanyana qarşı narazılıqlar sürətlə artıq.

Digər tərəfdən, R.Vardanyan ucbatından erməni separatçı-terrorçular arasında da ciddi parçalanmalar baş verib. Hətta erməni separatçı-terrorçular rəhbəri Araik Arutyunyan və onun arasında kəskin ziddiyyətlərin, nüfuz savaşının olduğu barədə də məlumatlar mövcuddur. Yəni, R.Vardanyanın Xankəndini tərk etməsində onunla qarşıdurma vəziyyətində olan erməni separatçı-terrorçular da maraqlıdırlar.

Ermənistan mətbuatının verdiyi məlumatlara görə, Paşinyan hakimiyyəti də Araik Arutyunyana birbaşa təzyiqlər göstərməyə başlayıb. Rəsmi İrəvanın əsas tələbi ondan ibarətdir ki, yaxın gələcək üçün Kremlin dəstəyi ilə Ermənistanda hakimiyyəti ələ keçirtmək planları quran R.Vardanyan Qarabağdan çıxarılsın. Hətta son günlər bu istiqamətdə konkret addımların atılmasına yönəlik prosesə start verildiyi də bildirilir.

Bir tərəfdən, R.Vardanyanın yaxın günlərdə “istefa” verəcəyi ilə bağlı məlumatlar yayılır. Eyni zamanda, onun Araik Arutyunyan tərəfindən “istefa”ya göndəriləcəyi də bildirilir. Hətta onu əvəzləyəcək erməni separatçının kimliyi də müəyyənləşib. Yəni, kriminal erməni oliqarxın ətrafında çənbər daralır. Və Rusiyanın onu bölgədə saxlaya biləcəyi artıq o qədər də inandırıcı görünmür.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Təbii ki, Kremlin “təxribat emissarı” özünün ətrafında baş verənlərə hələlik müqavimət göstərməyə çalışır. O, ciddi əngəllərlə üzləşdiyini etiraf etsə də, “istefa” verməyəcəyini bildirib. Hətta “istefa” versə belə, Qarabağı tərk etməyərək, proseslərdə iştirakını davam etdirəcəyini vurğulayıb. Bu isə o deməkdir ki, Kremlin “təxribat emissarı”nın erməni separatçı-terrorçular tərəfindən küncə sıxışdırılması barədə məlumatlar həqiqətə uyğundur. Və bu maliyyə-iqtisadi fırıldaqçının müqavimət müddəti də böyük ehtimalla Kremlin verəcəyi qərara bağlıdır.

Belə anlaşılır ki, Kremlin “təxribat emissarı” üçün yolun sonu artıq görünməyə başlayıb. İndi kriminal erməni oliqarx istənilən halda, Azərbaycan ərazilərini tərk etmək məcburiyyətindədir. Əks halda, rəsmi Bakının onu və digər erməni separatçı-terrorçuları həbs etmək üçün hərbi əməliyyat keçirə biləcəyi qətiyyən istisna deyil. Rusiyanın isə indiki situasiyada Azərbaycanla açıq qarşıdurmaya risk edəcəyi də inandırıcı deyil. Hər halda, hazırda Rusiaynın Azərbaycana daha çox ehtiyacı var. Və üstəlik, Kremlin son vaxtlar Azərbaycanın Qarabağ bölgəsində mövqelərini itirməyə başladığı da inkaredilməz reallıqdır.

Göründüyü kimi, Rusiyanın “Kubik-Rubik layihəsi” Kremlin ümid bəslədiyi nəticələri vermədi. Rəsmi Bakı bu məkrli oyunu beynəlxalq səviyyədə ifşa etdi və hədəfə çıxartdı. İndi Azərbaycan “Kubik-Rubik layihəsi”nin sıradan çıxarılması məqsədilə antiterror əməliyyatı keçirtmək hüququnu da legitimləşdirib. Və rəsmi Bakının Xankəndi əməliyyatını artıq son mərhələyə keçirmək üzrə olduğu bir situasiyada Rusiyanın Azərbaycana müqavimət göstərib, qarşılıqlı münasibətləri qəlizləşdirməsi Kremlin maraqlarına daha ciddi problemlər yarada bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER