Yunanıstanda səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken baş nazir Kiriakos Mitsotakis ilə görüşündə Yunanıstan-Türkiyə münasibətlərindən də danışıb. Bildirib ki, əlaqələri yaxşılaşdırmaq üçün şans var. Blinken qeyd edib ki, ABŞ NATO və dünya üçün mühüm rol oynayan Türkiyə-Yunanıstan münasibətlərinin gücləndirilməsi üçün əlindən gələni edəcək.
ABŞ bu istiqamətdə nə dərəcədə səmimidir?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-ın Türkiyə ilə Yunanıstan arasında strateji tərəfdaşlıq əlaqələri olsa da, münasibətlər bəzən gərginləşə bilər.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ, Türkiyə və Yunanıstan NATO üzvü olduqları üçün bu ölkələrin milli təhlükəsizlik və regional sabitlikdə ümumi maraqları var:
"Lakin son illərdə Suriyadakı münaqişələr, Türkiyənin Rusiya ilə yaxınlaşması və Türkiyənin demokratik quruluşu tənqid etməsi səbəbindən Türkiyə ilə ABŞ arasında münasibətlər gərginləşib. Bununla belə, Türkiyə ilə Amerika arasında hərbi əməkdaşlıq, terrorla mübarizə və ticarət əlaqələri davam edir.
Yunanıstanla ABŞ arasında münasibətlər isə daha müsbət istiqamətdə gedir. Yunanıstan Şərqi Aralıq dənizində ABŞ-ın strateji tərəfdaşlarından biridir və iki ölkə arasında müdafiə, təhlükəsizlik və enerji sahələrində əməkdaşlıq mövcuddur. Ancaq son illərdə Türkiyənin Şərqi Aralıq dənizindəki enerji qaynaqları ilə bağlı siyasətinə görə Yunanıstan və Türkiyə arasında gərginlik yaşanıb. ABŞ-ın hər iki ölkə ilə maraqları var və münasibətlərin gedişatına təsir edən amillər zaman-zaman dəyişir. Görünən odur ki, maliyyə mərkəzi zəlzələdən ziyan görmüş və yardıma ehtiyacı olan Türkiyə üçün daha cazibədar hala gəlməkdədir ki, Qərb də məhz bu istiqamətdən istifadə edir".
Əziz Əlibəyli Türkiyə-Yunanıstan "zəlzələ diplomatiyası"ndan da danışıb:
"Türkiyə-Yunanıstan "zəlzələ diplomatiyası" 1999-cu ilin yayında hər iki ölkədə ard-arda baş verən zəlzələlər və Türkiyə-Yunanıstan əlaqələrinin yaxşılaşması ilə başlayan diplomatiyadır. Bundan əvvəl Yunanıstan Osmanlı imperiyasından müstəqillik qazandıqdan sonra iki ölkə arasında münasibətlər ümumiyyətlə, qeyri-sabit idi. İlk Gölcük zəlzələsində və 3 həftə sonra Afina zəlzələsində hər iki ölkə bir-birinə kömək etdi. Bu diplomatiya onilliklər boyu davam edən qarşılıqlı düşmənçiliyin hökm sürdüyü ikitərəfli münasibətlərdə sıçrayışa hazırlaşır.
Türkiyədə baş verən son zəlzələ barədə xüsusi danışmaq lazımdır. Belə ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Yunanıstan-Türkiyə münasibətlərinin yenidən müəyyən edilə biləcəyini və mübahisələrin sülh yolu ilə həll oluna biləcəyini ifadə edərək, ölkənin cənub-şərqində baş verən zəlzələ ilə əlaqədar Afinanın Türkiyəyə daim yardım etməyə hazır olduğunu dilə gətirməsi çox mühüm addım idi".
Siyasi şərhçi vurğulayıb ki, Türkiyə və Yunanıstanın əsas problemi dəniz sərhədinin müəyyən olunması ilə bağlıdır:
"Sonuncu dəfə 1 il əvvəl belə müzakirələr aparılmışdı. Ondan sonra münasibətlər pisləşdi deyə danışıqlar prosesi dayandı. Tərəflər fərqli prinsiplərlə çıxış edir. Problem ya dondurulmalıdır, ya da həlli uyğun olmayan qeyri-diplomatik yollara gətirib çıxara bilər. Karbohidrogen hasilatı ilə bağlı da durum xoş deyil. Çünki bölgənin enerji ixracı potensialı ilə bağlı, araşdırma-kəşfiyyat işləri ilə əlaqədar 3-cü ölkələr də iştirak edir. Bunun da üzərinə Kipr problemini gəldikdə potensialda yaxşılaşmağa doğru vəziyyət olacağını güman etmək mümkün deyil".